CƏMİYYƏT


“Buster” doza ilə vaksinasiyadan sonra “omikron” ştamına qarşı da qoruyuculuq faizi artır

Bakı, 28 yanvar, AZƏRTAC

Ölkəmizdə ötən il yanvarın 18-dən başlayan vaksinasiya prosesi uğurla davam edir. Əksər vətəndaşlar vaksinin hər iki dozasını qəbul ediblər. Qeyd etmək istəyirəm ki, ikinci dozadan 5 ay keçdikdən sonra immun sisteminin qoruyuculuğu azalır. Pandemiyanın davam etdiyini və daha yoluxucu “omikron” ştamının geniş vüsət aldığını nəzərə alaraq vətəndaşlara immun sisteminin qoruyuculuğunu yenidən bərpa etmək üçün “buster” doza vaksinasiyadan istifadə etmələri tövsiyə olunur. “Buster” doza ilə vaksinasiyadan sonra “omikron” ştamına qarşı da qoruyuculuq faizi artır. Ona görə də mütləq şəkildə üçüncü dozanı qəbul etmək məsləhət görülür.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.

“Fevralın 15-dən ikinci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Ona görə də ikinci dozanın müddətinin bitməsinə bir neçə gün qalan vətəndaşlara indidən üçüncü doza vaksinasiyaya başlamaları ilə bağlı çağırış etmək istəyirəm ki, tələb olunan vaxt yaxınlaşdıqca poliklinikalarda sıxlığa səbəb olmasınlar. Ölkəmizdə “omikron” ştamı aşkarlanandan qısa müddət sonra yoluxmalar üç mini ötüb. Bu da həmin ştama daha ciddi yanaşmağın, mümkün olan bütün qoruyucu vasitə və üsullardan maksimum dərəcədə istifadə etməyin vacibliyini ortaya qoyur. Vaksinasiyadan keçmək ən münasib və etibarlı qoruyuculuq yollarından biridir. Bununla bərabər, sosial məsafəyə, gigiyena qaydalarına və maska taxılmasına riayət edilməlidir. Vətəndaşlar iki dozada hansı vaksindən istifadə etmələrinə baxmayaraq, üçüncü doza olaraq ölkəmizdə mövcud olan dörd növ peyvənddən birini seçə bilərlər”, - deyə L.Qalimova qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.