İQTİSADİYYAT
CARİ İLDƏ İSTEHSALI ARTIRAN “BAKI FƏHLƏSİ” MÜƏSSİSƏSİNDƏ YENİ MƏHSULLARIN BURAXILIŞINA DA HAZIRLIQ GÖRÜLÜR
Çıxışlarda o da vurğulanmışdır ki, aparılmış gərgin işlərin bəhrəsi olaraq müəssisə rəqabət qabiliyyətli yeni növ məhsulların istehsalı sahəsində İSO 9001-2000 Beynəlxalq keyfiyyət sertifikatı almış, hazırda isə Amerika Neft İnstitutunun APİ Q1 sertifikatını almaq ərəfəsindədir.
Müəssisənin fəaliyyətinə xarici investisiyanın cəlb edilməsi və yaxın gələcəkdə onun daha yüksək inkişaf səviyyəsinə çatmasından ötrü aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq, bu yaxınlarda “Bakı fəhləsi” maşınqayırma zavodu” TASC-nin, Ukraynanın “Droqobıç-Avtomobil Kranları” ASC-nin və Ukrayna-Rusiya müştərək müəssisəsi “Enerqoqazimpeks” MMC-nin həmtəsisçilikləri ilə Azərbaycanda ilk dəfə olaraq yüksəktonnajlı avtomobil kranları istehsal edəcək “Bakı-Droqobıç Avtomobil Kranları” MMC təsis edilmiş, müəssisə dövlət qeydiyyatına alınmışdır. Həmin müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada 50 nəfər işlə təmin olunacaq, istehsal ediləcək yüksəktonnajlı avtomobil kranları isə nəinki respublikamızda, həmçinin regionun digər ölkələrinə də satılacaqdır.