İQTİSADİYYAT
Çexiya Azərbaycanla energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Bakı, 17 sentyabr, AZƏRTAC
Çexiyanın “Elektrik enerjisinin ötürülməsi” şirkətinin Müşahidə Şurasının üzvü Jiri Maceska Azərbaycanın Energetika Nazirliyində olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Natiq Əliyev iki ölkə arasında yüksək səviyyədə reallaşan görüşlər və qarşılıqlı səfərlərin əməkdaşlığın daha da inkişafı üçün yeni üfüqlər açdığını deyib. Azərbaycanla Çex Respublikası arasında ticarət dövriyyəsinin hər il böyük həcmdə artdığını, təkcə bu ilin yanvar-iyun aylarında bu göstəricinin 308,52 milyon ABŞ dolları olduğunu vurğulayan N.Əliyev deyib ki, Çexiyanın enerji balansında Azərbaycan nefti təxminən 30 faiz təşkil edir və bu səviyyə qorunmalıdır.
Nazir Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çexiya Respublikası Sənaye və Ticarət Nazirliyi arasında “Energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmaq üçün hazır olduğunu da qeyd edib. Ölkə əhalisinin enerji resursları ilə təminatı məsələsinə də toxunan N.Əliyev bildirib ki, indi yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çexiya ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.
Azərbaycanla elektrik enerjisinin ötürülməsi sahəsində təcrübə mübadiləsinə maraq göstərdiklərini deyən Jiri Maceska bu istiqamətdə əməkdaşlıq təklifini irəli sürüb.
Energetika naziri N.Əliyev isə öz növbəsində elektrik enerjisinin Gürcüstan, Rusiya və İran istiqamətində ötürüldüyünü və bu məqsədlə yeni enerji təsərrüfatı obyektlərinin quraşdırıldığını xatırladaraq bildirib ki, Çexiyanın təcrübəsindən bəhrələnmək faydalı olar.