CƏMİYYƏT
Çin Hüquq Cəmiyyətinin nümayəndələri Vəkillər Kollegiyasında olublar
Bakı, 17 may, AZƏRTAC
Çinin hüquqşünas alimlərdən, məşhur vəkillərdən ibarət nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətində olub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Kollegiyanın sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov Çin hüquq cəmiyyətinin nümayəndə heyətinə Azərbaycanda vəkillik fəaliyyəti, son dövrdə ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıblar. Qeyd olunub ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığa böyük önəm verir.
Dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edən qonaqlar ölkələrimizin hüquq ictimaiyyəti arasında əməkdaşlığın perspektivlərindən söz açıb, qarşılıqlı əlaqələrin yaradılmasında hər iki ölkənin hüquqşünaslarının rolunu qeyd ediblər.
Cianqxi əyalətinin Hüquq Cəmiyyətinin icraçı müşaviri Lianq Qiyou Çinin hüquq sistemi və vəkillik institutu barədə ətraflı məlumat verib. O, ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını, Azərbaycanın Çin hökumətinin “Bir kəmər, bir yol” beynəlxalq təşəbbüsünə qoşulmasından məmnunluğunu vurğulayıb. Qonaq bu layihə ilə bağlı cari ilin noyabrında keçiriləcək konfransda Azərbaycan vəkillərinin iştirakından məmnun qalacaqlarını bildirib.
Qarşılıqlı fikir mübadiləsindən sonra qonaqlar Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında yaradılan şəraitlə tanış olublar.