DÜNYA
Çin rəhbərliyi Xalq Qəhrəmanları Abidəsini ziyarət edib VİDEO
Pekin, 30 sentyabr, AZƏRTAC
Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü ilə əlaqədar ölkədə bayram tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da Sədr Si Cinpin başda olmaqla ölkənin siyasi rəhbərliyi Tiananmen meydanındakı Xalq Qəhrəmanları Abidəsini ziyarət edib. Mərasimdə 4 minə yaxın insan, o cümlədən müharibə veteranları, Çin uğrunda döyüşlərdə həlak olanların doğmaları, müxtəlif orden və medallarla, fəxri adlarla təltif olunmuş şəxslər, tələbə və uşaqlar iştirak ediblər.
Hərbi orkestr qəhrəmanlara ithaf olunan marşlar ifa edib. Mərasim iştirakçıları Çinin dövlət himnini oxuyandan sonra Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra abidənin önünə əklillər qoyulub.
Qeyd edək ki, Çin qanunverici orqanının 2014-cü ildə qəbul etdiyi qərara əsasən sentyabrın 30-u ölkədə Çinin azadlığı və tərəqqisi uğrunda canlarından keçənlərin xatirəsi günü kimi qeyd olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin