DÜNYA
Çində “Bailu” qasırğası ilə bağlı “sarı” səviyyəli xəbərdarlıq elan edilib
Bakı, 24 avqust, AZƏRTAC
Bu gün Çində cari ildə sayca 11-ci olan “Bailu” qasırğası ilə bağlı “sarı” səviyyəli xəbərdarlıq elan edilib. Çinin cənub rayonlarını cənginə alacaq qasırğa şiddətli külək və leysan yağışları ilə müşayiət olunacaq.
AZƏRTAC bu barədə Sinxua agentliyinə istinadla xəbər verir.
Çinin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, qasırğa quruya keçərək bu gün günorta saatlarında Tayvanın cənub-şərqi hissəsi yaxınlığından ötəcək və şimal-qərbə üz tutacaq. Bazar gününə keçən gecə və səhər qasırğa Futszyan və Quandun əyalətlərinin sahilboyu rayonlarına çıxacaq.
Qasırğa səbəbindən Tayvanda və Çinin Futszyan, Çjetszyan, Quandun, Şansi, Sıçuan və Yunnan əyalətlərində güclü külək və leysan yağışları gözlənilir. Yağıntının intensivliyi bəzi yerlərdə saatda 60 millimetri ötəcək.
Sinoptiklər əlaqədar rayonların sakinlərindən ehtiyac yaranmadığı halda evdən çıxmamağı xahiş edir və yerli hakimiyyət orqanlarına sel nəticəsində mümkün daşqınlara qarşı lazımi ehtiyat tədbirləri görməyi tövsiyə edirlər.
Çində əlverişsiz hava şəraiti barədə dördsəviyyəli xəbərdarlıq sistemi qəbul edilib. Bunlardan ən yüksək təhlükəli səviyyəlisi qırmızı, daha sonra narıncı, sarı və göy rənglərlə göstərilir.