DÜNYA
Çində əhaliyə vurulan COVID-19 peyvəndinin miqdarı 100 milyon dozanı ötüb
Pekin, 29 mart, AZƏRTAC
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə 106 milyon doza peyvənd vurulub. Çin bu göstəriciyə görə ABŞ-dan sonra ikincidir. Çində peyvənd olunanlar əhalinin ümumi sayının 5,76 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Bu mərhələdə isə ilkin olaraq böyük və orta şəhərlərdə, liman şəhərlərində və sərhədyanı zonalarda yaşayanların, dövlət müəssisələrində çalışanların, ali məktəblərin müəllim və tələbələrinin peyvənd olunmasına üstünlük verilir. Vaksinasiya üçün ölkə üzrə 74 min 766 məntəqə fəaliyyət göstərir. Yaxın aylarda uşaqların da (3-17 yaş) peyvənd proqramına daxil edilməsi nəzərdən keçirilir.
Orta hesabla gündə 3 milyon doza peyvənd vurulur. Martın 26-da bu rəqəm 6,11 milyon olub. Çinin səlahiyyətli qurumları iyunadək ölkə əhalisinin 40 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu hədəfə nail olmaq üçün gündəlik vurulan peyvənd dozasının sayını 10 milyona çatdırmaq şərtdir. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılacaq, bəzi şəxslərə evlərində vaksin vurulması da mümkün olacaq.
Qeyd edək ki, vaksinasiyada "Sinopharm", "Sinovac" və "CanSino" şirkətlərinin istehsalı olan 3 inaktiv və bir rekombinant adenovirus peyvənddən istifadə edilir. Həmin peyvəndlərin ölkədə kütləvi marketinqinə icazə verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin