DÜNYA
Çində əhaliyə vurulan COVID-19 peyvəndinin sayı 400 milyonu ötüb VİDEO
Pekin, 17 may, AZƏRTAC
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə 406 milyon doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.
Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Bu mərhələdə ilkin olaraq böyük və orta şəhərlərdə, liman şəhərlərində və sərhədyanı zonalarda yaşayanların, dövlət müəssisələrində çalışanların, ali məktəblərin müəllim və tələbələrinin peyvənd olunmasına üstünlük verilir. Son günlər Çinin 2 vilayətində az sayda yoluxmaların aşkarlanması əhalinin peyvənd prosesinə marağını artırıb.
Çinin səlahiyyətli qurumları iyunadək ölkə əhalisinin 40 faizini, gələn ilin əvvəlinədək isə 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılıb, bəzi şəxslərə evlərində vaksin vurulur. Bundan başqa, mobil vaksin avtobusları da istifadəyə verilib.
Qeyd edək ki, vaksinasiyada “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan 3 inaktiv peyvənddən istifadə olunur. Yaxın günlərdə bu siyahıya “CanSino” şirkətinin rekombinant adenovirus peyvəndi də əlavə olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin