DÜNYA
Çinin Ecina qəsəbəsində sakinlərin kütləvi şəkildə koronavirus testindən keçirilməsinə başlanılıb VİDEO
Pekin, 27 oktyabr, AZƏRTAC
Çinin Daxili Monqolustan muxtar bölgəsinin Ecina qəsəbəsində sakinlərin 5-ci mərhələ üzrə kütləvi şəkildə koronavirus testindən keçirilməsinə başlanılıb.
AZƏRTAC qəsəbənin epidemiya ilə mübarizə qərargahına istinadla xəbər verir ki, daha bir mərhələdə test prosesinə start verilməsi yoluxma hallarının davam etməsidir. Ötən sutka daha 26 nəfərin virusa yoluxduğu aşkarlanıb. Oktyabrın ortasından başlayan yeni dalğada ümumilikdə 84 yoluxma aşkarlanıb. Hazırda qəsəbədə sərt karantin rejimi tətbiq olunur, sakinlərin evdən və ya olduqları yerdən çıxmasına icazə verilmir.
Pandemiya ilə mübarizənin təşkilində səhlənkarlığa yol verildiyi üçün Çin Kommunist Partiyasının Ecina üzrə katibi vəzifəsindən azad edilib.
Qeyd edək ki, Çində oktyabrın 16-da başlayan pandemiyanın yeni dalğasında paytaxt Pekin də daxil olmaqla, bir neçə yaşayış məntəqəsində ümumilikdə 257 yoluxma aşkarlanıb. Yoluxmaların sayından asılı olaraq bəzi yaşayış məntəqələri yüksək və orta riskli zonalar elan edilib. Həmin yaşayış məntəqələrində karantin rejimi sərtləşdirilib, giriş-çıxış məhdudlaşdırılıb, kütləvi tədbirlər ləğv edilib. Qansu vilayətinin Lancou şəhərində qapanma elan edilib, Ninsia Huy muxtar bölgəsinin 773 məktəbində dərslər təxirə salınıb, uşaq bağçalarının fəaliyyəti dayandırılıb, ali məktəblərdə isə qapalı rejim tətbiq olunur.
Çinin Mədəniyyət və Turizm Nazirliyi yoluxmaların olduğu şəhərlərə və oradan kənara qrup turist səfərlərinin dayandırılması barədə göstəriş verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin