İQTİSADİYYAT
Çinin ən iri elektron ticarət platformalarından olan “JD.com”da “Azərbaycan ticarət evi” açılacaq VİDEO
Pekin, 25 oktyabr, AZƏRTAC
“Made in Azərbaijan” brendi ilə istehsal edilən məhsullar Çinin şimal hissəsində ən iri liman şəhəri olan Tiencində keçirilən Hayhe beynəlxalq istehlak sərgi-yarmarkasında təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Tiencin şəhər hökuməti və Çinin ən iri elektron ticarət platformalarından olan “JD.com”un təşkilatçılığı ilə keçirilən tədbirdə yalnız sözügedən platformada onlayn ticarət evi olan ölkələr iştirak edir. Yaxın gələcəkdə Azərbaycanın “JD.com” platformasında ticarət evinin açılacağı nəzərə alınaraq, tədbirdə ölkəmizin iştirakı mümkün olub. Çində satışda olan “Made in Azerbaijan” brendli qida və kənd təsərrüfatı məhsulları vahid ölkə stendində nümayiş edilib.
Tədbir çərçivəsində keçirilən “Yeni trend, yeni istehlak, yeni imkanlar” forumunda çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu dünyanın ən iri istehlak bazarlarından olan Çində elektron ticarətin xeyli populyar olduğunu vurğulayaraq, inteqrasiya olunmuş elektron ticarətin “Kəmər və yol” təşəbbüsünün əhatə etdiyi ölkələr üçün də böyük imkanlar açdığını bildirib.
Azərbaycanın Çinin “Kəmər və yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olduğunu xatırladan T.Nadiroğlu deyib ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı iki ölkə arasında “Kəmər və yol”un tərkib hissəsi olan İpək Yolu İqtisadi Kəmərinin birgə təşviqinə dair anlaşma memorandumu imzalanıb. Ötən dövrdə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfə çoxalıb.
Ticarət nümayəndəsi “Kəmər və yol” təşəbbüsünün daha çox Azərbaycan şirkətinin, xüsusən də qida və kənd təsərrüfatı məhsulları istehsalçılarının öz mallarını Çinə ixrac etməyə imkan yaratdığını, bu işdə Çin tərəfinin xarici şirkətlərə dəstəyinin vacib rol oynadığını deyib.
Qeyd olunub ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi Aparatının “JD.com” şirkəti ilə cari ilin iyun ayında imzaladığı strateji əməkdaşlıq sazişinə uyğun olaraq, sözügedən elektron ticarət platformasında açılacaq “Azərbaycan ticarət evi” vasitəsilə Azərbaycanın qida və kənd təsərrüfatı məhsullarının satışı mümkün olacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin