CƏMİYYƏT


“COVID-19 diaqnozlu xəstələrə psixoloji yardım və düzgün müalicə prinsipləri” mövzusunda videokonfrans keçirilib

Bakı, 16 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “COVID-19 diaqnozlu xəstələrə psixoloji yardım və düzgün müalicə prinsipləri” mövzusunda videokonfrans keçirib.

AZƏRTAC xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən videokonfransda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, bu infeksiyaya yoluxmuş xəstələrə psixoloji yardım və müalicədən sonrakı dönəmdə özünütəcrid, sosial izolyasiya tədbirləri barədə fikir mübadiləsi aparılıb. Yazgül Abdıyeva əvvəlcə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun əsgərlərinin, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldıqlarını söyləyərək Allahdan onlara rəhmət diləyib. Tezliklə üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına inandığını qeyd edib.

O, pandemiya dövründə görülən işlərin vacibliyindən də söz açaraq hər kəsi yenidən bu mübarizəyə qoşulmağa dəvət edib. Pandemiya ilə mübarizədə ön cəbhədə duran həkimlərimizi, təhlükəsizliyimizi qoruyan polislərimizi alqışladığını vurğulayıb. Daha sonra mütəxəssislər müxtəlif mövzularda məruzələr ediblər. Videokonfransda psixiatr Mustafa Güvelinin “COVID-19-lu xəstələrə psixoloji yardım proqramı”, infeksiya xəstəlikləri və kliniki mikrobiologiya uzmanı Mədinə Abdullayevanın “COVID-19-lu xəstələrə reanimasiyaya qədər olan yardım”, reanimatoloq-anestezioloq Şahin Məmmədovun “COVID-19-lu xəstələrdə reanimasiya tədbirləri və bakterioloji ağırlaşmalar”, kardioloq, tibb üzrə fəlsəfə doktoru Təranə Cavadovanın “COVID-19 pandemiyası zamanı kardial statusun qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib. Daha sonra qastroenteroloq Arzu Hüseynova COVID-19 infeksiyasına yoluxan xəstələrin düzgün dərman və qida qəbulu haqqında məlumat verib.

Videokonfransda mövzulara dair suallar cavablandırılıb və təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.