İDMAN
CÜDOÇU MEHMAN ƏZİZOV OLİMPİADADA BEŞİNCİ YER TUTMUŞDUR
81 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Mehman Əzizov Afina Olimpiadasında yüksək mükafat qazanmaq imkanını əldən vermişdir. Gənclər, İdman və Turizm Nazirliyinin informasiya mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Olimpiya yarışlarında birinci dəfə çıxış edən və ilk iki görüşdə hollandiyalı Elmont Quillaumeyə və belarus idmançısı Siarxei Şundzikauya qalib gələn cüdoçumuz üçüncü görüşdə müxtəlif beynəlxalq yarışlarda tez-tez rəqibi olan Polşa idmançısı Robert Kravçuka uduzmuşdur. Azərbaycan çüdocusu təsəlliverici görüşləri uğurla keçirsə də, bürünc medal uğrunda mübarizədə Rusiya idmançısı Dmitri Nosova məğlub olaraq, beşinci yerlə kifayətlənməli olmuşdur.
Avqustun 17-də milli yığma komandamızın digər üzvü – üzgüçü Sergey Dyaçkov da uğursuz çıxış etmişdir. O, sərbəst üsulla 100 metr məsafəyə üzməkdə təsnifat səddini keçə bilməmişdir.