CƏMİYYƏT
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan Ermənistan respublikası vətəndaşları - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri iştirak ediblər.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib və iş üzrə sənədlər tədqiq olunub.
Təqsirləndirilən şəxslər çıxış edərək əməllərindən peşman olduqlarını bildiriblər.
Hakim məhkəmə istintaqının tamamlandığı elan edib.
Prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Sonra iclasda vəkillərə və təqsirləndirilən şəxslərə söz verilib.
Məhkəmənin qərarına əsasən, Davityan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslərin cəzaları başa çatandan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar.
Bununla da casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci, 276-cı, 279.1-ci və 318.2-ci maddələri ilə ittiham olunurdular.