REGİONLAR
Cəbhəyanı yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur
Ağdam, 16 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində də infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərdə əhalinin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində, dövlət başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda son illərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyev təkcə Ağdam rayonunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan hissəsində yerləşən yaşayış məntəqələrini birləşdirən yolların yenidən qurulması ilə bağlı ötən illərdə beş Sərəncam imzalayıb. Bu sərəncamlara əsasən rayonda ümumi uzunluğu 80 kilometrə yaxın olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolları yenidən qurulub. Doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunun tikintisi də bu günlərdə yekunlaşıb.
Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir.