CƏMİYYƏT


Cəlil Xəlilov: Azərbaycan Prezidentinin Litvada səsləndirdiyi fikirlər dövlətimizin sülhə verdiyi önəmi göstərir

Cəlil Xəlilov: Azərbaycan Prezidentinin Litvada səsləndirdiyi fikirlər dövlətimizin sülhə verdiyi önəmi göstərir

Bakı, 23 may, AZƏRTAC

Prezident İlham Əliyevin Litvada mətbuata bəyanatı dövlətimizin sülhə və tərəqqiyə verdiyi önəmi göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin əhəmiyyətini yaxşı dərk edir və buna nail olmağa çalışır: “Prezident İlham Əliyev Litvada mətbuata bəyanatında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. İşğal dövründə bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlətimizin başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də səylərini davam etdirəcək. Dövlətimizin başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir.

Xatırladım ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbaycanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək”.

Cəlil Xəlilov Prezidentin Litva səfərində müzakirə edilən iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedlə görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu.

Hesab edirəm ki, Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.