REGİONLAR
Cəlilabadda Daxili Qoşunların yaranmasının 27-ci ildönümü qeyd olunub
Cəlilabad, 12 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 12-də Cəlilabad şəhərindəki “N” saylı hərbi hissədə Daxili Qoşunların yaranmasının 27-ci ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik edərək onlara Vətənə sədaqətlə xidmət etməyi, üzərlərinə düşən vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gəlməyi arzulayıb.
N.Zeynalov müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasında və formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayaraq bu qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsində, onun maddi-texniki bazasının möhkəmləndirilməsində, müasir texnika ilə təchiz olunmasında, peşəkar zabit kadrlarının hazırlanmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü və səmərəli fəaliyyətini yüksək dəyərləndirib.
Tədbirdə hərbi xidmətdə fərqləndiklərinə görə əsgər və zabitlərin bir qrupuna mükafatlar təqdim edilib.
Şəxsi heyət təntənəli marşın sədaları altında tribuna önündən keçib.
Tədbirin sonunda qonaqlar hərbi hissədə əsgər və zabitlər üçün yaradılan şəraitlə yaxından tanış olublar.