CƏMİYYƏT
Cəlilabadda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda müzakirələr aparılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən ikigünlük regional konfrans oktyabrın 30-da işini “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirib.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan Cəlilabad RİH başçısının müavini Elnarə Həsənova vurğulayıb ki, ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Dövlət-din münasibətləri sahəsində görülən işlər dini dəyərlərimizə yad ideologiyaların yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, XX əsrin sonlarından başlayaraq dini radikalizm, irqçilik və islamofobiyanın geniş vüsət alması, eləcə də bu və digər səbəblərdən qaynaqlanan terror hallarının çoxalması bəşəriyyətimiz üçün ciddi təhdidə çevrilib. Xüsusən də son dövrlər bir sıra ölkələrdə baş verən qanlı münaqişələr dünyanın real təhlükələrlə üz-üzə qaldığını sübut edir. Dini radikalizm və ekstremizm kimi mənfi hallara dinimizdə yer olmadığını diqqətə çatdıran sədr müavini vurğulayıb ki, İslam humanizm prinsiplərinə, bəşəri dəyərlərə və zəngin mədəni irsə sahib inanc sistemidir.
Gündüz İsmayılov çıxışında xurafatın və dini ekstremizmin təzahür formalarından da bəhs edib. Bildirib ki, dini ekstremizm və xurafat müxtəlif formalarda təzahür etsə də, hər ikisinə münasibət mahiyyətcə eynidir. Çünki hər ikisi cəmiyyəti geriyə aparır və onlarla mübarizə aparmaq zəruridir. Sədr müavini deyib ki, qadın zorakılığı, erkən nikahlar, təhsilə qarşı laqeyd münasibət və s. də xurafatla mübarizə çərçivəsində dəyərləndirilməlidir. O, radikalizmlə mübarizədə maarifləndirmənin əsas vasitə olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.