REGİONLAR
Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Cəlilabad, 23 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad şəhərində şəhid İsgəndərli Kamran Yaşar oğlunun, rayonun Göytəpə şəhərində Cəfərov Vüsal Sərhədxan oğlunun, Privolnoye kəndində Ağabalayev Sadiq Nadir oğlunun anım mərasimləri keçirilib.
Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hər üç şəhidin məzarı önünə gül dəstələri düzərək onların xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, İsgəndərli Kamran Yaşar oğlu 1997-ci ildə Cəlilabad şəhərində anadan olub. İgid döyüşçü Zəngilan rayonu uğrunda dğyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid Kamran İsgəndərli ölümündən sonra "Vətən uğrunda", "Fizulinin azad olunmasına görə'', ''Xocəvəndin azad olunmasına görə'' medalları ilə təltif edilib.
Şəhid Cəfərov Vüsal Sərhədxan oğlu 1989-cu ildə Göytəpə şəhərində anadan olub. O, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ölümündən sonra "Vətən uğrunda", "Vətənə xidmətə görə" medalları ilə təltif edilib.
Şəhid Ağabalayev Sadiq Nadir oğlu 1998-ci ildə Privolnoye kəndində anadan olub. Cəsur döyüşçü Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.