REGİONLAR
Cəlilabadın taxıl sahələrində biçin kampaniyasına start verilib
Cəlilabad, 2 iyun, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür ki, Azərbaycanın ən böyük taxılçılıq rayonlarından olan Cəlilabadda biçin kampaniyasına start verilib. İlkin mərhələdə arpa sahələrinin məhsulu yığılır. Qısa müddətdə 1205 hektar sahədə arpa biçilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov məlumat verib.
Biçin kampaniyasına 44 kombaynın, müxtəlif maşın və mexanizmlərin cəlb olunduğunu qeyd edən R.Kərimov, bu il rayonda 56 min 500 hektarda buğda, 5 min 200 hektarda arpa, 4 min 870 hektarda isə vələmir əkildiyini söyləyib.
Qeyd edək ki, məhsul istehsalçılarına dövlət dəstəyinin genişləndirilməsi sayəsində Cəlilabad rayonunda taxılçılıq ildən-ilə inkişaf edir. Ötən il rayonun taxıl sahələrində 54 min 908 hektarda buğda, 4 min 504 hektarda arpa, 3 min 824 hektarda vələmir əkilib. Taxıl sahələrindən 154 min 773 ton məhsul tədarük olunub. Hər hektardan götürülən məhsuldarlıq 28 sentner təşkil edib.