İQTİSADİYYAT


Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələri sahəsinə 1 milyard manat investisiya yatırılacaq

Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC

2020-ci ilədək alternativ və bərpaolunan enerji mənbələrinin Azərbaycanın ümumi enerji balansındakı payının 20 faizə çatdırılması nəzərdə tutulur. Ölkənin həmin sahə üzrə enerji potensialı isə 420 meqavat həcmində müəyyən edilib və buraya təxminən 1 milyard 40 milyon manat investisiyanın sərf olunması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 19-da Bakıda keçirilən “Azərbaycanda alternativ və bərpaolunan enerjinin inkişafı üçün yeni imkanlar – “Hard Talk” adlı beynəlxalq tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

O, beynəlxalq ekspertlər ilə keçirilən görüşlərin qarşılıqlı fikir mübadiləsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycanda alternativ və bərpaolunan enerji sahəsinə xüsusi diqqət yetirilir, bu enerji növünün ümumi enerji balansındakı payının artırılması isə əsas prioritetdir. Bu sahə üzrə 2014-cü ildə Dövlət Proqramı qəbul edilib. Həmçinin “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə də alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı öz əksini tapıb.

C.Məlikov Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanların olduğunu deyib, ölkədə həyata keçirilən layihələrdən, onların əhəmiyyətindən və gələcək perspektivlərdən bəhs edib.

BMT AİK-in Dayanıqlı Enerji şöbəsinin nümayəndəsi və bərpaolunan enerji üzrə Ekspertlər Qrupunun katibi Gianluca Sambucini isə alternativ və bərpaolunan enerji sahəsində dünya praktikasından, tətbiq olunan yeni texnologiyalardan danışıb.

Sonra ABOEMDA-nın sədrinin müşaviri, BMT AİK-in Enerji Komitəsinin Bərpaolunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər Qrupunun sədri Nəzir Ramazanovun “Hard Talk”un məqsədləri” mövzusunda fikirlərini bölüşüb.

Daha sonra müzakirə üçün əsas məsələlərin təqdimatı olub. “Revelle Group”un icraçı direktoru Emily Koulouvaris “Bərpaolunan enerji sektorunda investisiya imkanlarının yaradılması üçün tövsiyələr” adlı müzakirə sənədi barədə danışıb.

İki gün davam edəcək tədbirdə “Bərpaolunan enerjinin tətbiqini dəstəkləyəcək siyasət və tənzimləmələr”, “Bərpaolunan enerjiyə investisiyalar üçün şərtlərin yaxşılaşdırılması” və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Həmçinin Siyasət Dialoqunda müzakirə edilməsi üçün hazırlanmış müzakirə sənədinə debatlarda aparılmış müzakirələr əsasında iştirakçıların təklif və töhfələri dinləniləcək, eləcə də sənəd üzrə Azərbaycanın maraqlı tərəflərinin yüksək səviyyəli müzakirələri olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.