REGİONLAR
Cənub bölgəsində altı minə yaxın şagird buraxılış imtahanı verib
Lənkəran, 18 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) ölkəmizin cənub bölgəsinin dörd rayonunda - Lerik, Yardımlı, Masallı və Cəlilabadda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, Lənkəran şəhərində isə ilk peşə-ixtisas təhsili müəssisəsinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cənub bölgəsində buraxılış imtahanlarında 5953 şagird iştirak edib.
İmtahanlarda iştirak edən şagirdlərə buraxılış vərəqəsi ilə yanaşı, “Yaddaş kitabçası” da verilib. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.
Buraxılış imtahanlarının keçirilməsi üçün Lerikdə 6, Yardımlıda 4, Masallı və Cəlilabadda 7 imtahan mərkəzi ayrılıb.
9-cu sinif buraxılış imtahanının birinci mərhələsində Yardımlıda 589, Cəlilabadda 2455, Masallıda 2138, Lerikdə 598, ilk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında isə Lənkəranda 56, Cəlilabadda 117 şagird iştirak edib.
İmtahanların idarə olunmasına Lerikdə 6 imtahan rəhbəri, 72 nəzarətçi-müəllim, Yardımlıda 5 imtahan rəhbəri, 65 nəzarətçi-müəllim, Masallıda 17 imtahan rəhbəri, 196 nəzarətçi-müəllim, Cəlilabadda 18 imtahan rəhbəri, 220 nəzarətçi-müəllim, Lənkəranda isə 1 imtahan rəhbəri, 8 nəzarətçi-müəllim ayrılıb.
Cənub bölgəsində buraxılış imtahanları uğurla başa çatıb.