REGİONLAR


Cənub bölgəsində çay yığımına başlanılıb - Lənkərandan reportaj FOTO VİDEO

Lənkəran, 25 may, İsmayıl Cəfərli, AZƏRTAC

Cənub bölgəsində hər il aprel ayının sonlarından çay yığımına başlayan fermerlər bu ilki yığıma mayın sonunda başlayıblar. Buna səbəb aprel ayında havaların yağışlı keçməsi olub. Çay plantasiyalarında məhsul boldur.

AZƏRTAC xəbər verir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqların mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir. “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının isə 8,5 min tona çatdırılması nəzərdə tutulur. Proqramın qəbulundan ötən 4 il müddətində bu sahədə inkişaf qeydə alınıb. Amma bu il yazda havaların yağıntılı keçməsi çay yığımını bir qədər gecikdirib. Lənkəran rayonunun Havzova kənd sakini, fermer Bəhrəm Kərimov uzun illərdir çayçılıqla məşğuldur. Hər il 7-8 ton çay yığan fermer bu il 10 ton çay yığmağı qarşıya məqsəd qoyub: “55 ilə yaxındır çayçılıqla məşğulam. Çay bitkisi əkiləndən 6 il sonra yığılır. 60 sot ərazidir. Bundan sonra 3 dəfə yığım aparacağam. Yığıma iki gündür başlamışıq”.

Çay kollarının tam məhsul verməsi üçün 8-9 ilə qədər vaxt lazımdır. Bununla yanaşı, oktyabr-noyabr aylarına qədər çay yığımı aparılır. Astaralı fermer Beytulla Mirzəyevin 30 hektar çay əkini sahəsi var: “Çay bitkisinə gərək qulluq edəsən. Qışda şum işləri görülür, ondan sonra gübrə səpilir. Gübrə tələb edən bitkidir. Gübrə verilməsə, inkişaf edə bilməz. Çay yığımı əsasən may ayında aparılır. İlk çay yığımı qurtarandan sonra yenidən 2-ci dəfə becərilmə aparılır. Əgər vaxtında qulluq olunsa, mövsümdə 4-5 dəfə çay yığmaq mümkündür”.

Astarada çay sahəsində çalışan Mətanət Əliyeva elə bu kəndin sakinidir. Deyir ki, onun kimi bir çox kənd sakini çay plantasiyasında işləyib evə pul aparır. Onlar üçün öz kəndlərində işləmək daha sərfəlidir. Çünki əlavə nəqliyyat xərci olmur.

Yaxşı məhsul əldə etmək üçün əlverişli hava şəraiti ilə yanaşı, fermerlər çay plantasiyalarına il boyu düzgün aqrotexniki qulluq göstərməlidirlər.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Sabir Ramazanlı söhbət zamanı deyib: “Gördüyünüz bu sahələr sıxlaşdırılmış əkin üsulu ilə becərilib. Digər sahədə isə aqronomiya deyilən əkin üsuludur. Aqronomiya üsulu ilə əkiləndə hektara 22 min çay şitili düşürsə, digərində iki dəfə çox əkin materiallından istifadə olunur”.

Qeyd edək ki, ölkə üzrə çay sahələrinin 1500 hektara yaxını cənub bölgəsinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.