ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun əməkdaşları məktəblilərlə görüşüblər
Bakı, 13 iyun, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 240 nömrəli tam orta məktəbdə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar “Kiçik Akademiya” üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar. Sonra şagirdlər müəllimləri ilə birgə hazırladıqları müxtəlif mövzularda, o cümlədən qlobal istiləşmə, təbii fəlakətlərin təbiətə və cəmiyyətə vurduğu ziyan, günəş enerjisindən istifadə, ölkənin təbii ehtiyatları və s. barədə təqdimatlar ediblər.
Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova “Kiçik Akademiya” üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, çıxış edən şagirdləri dəstəklədiyini bildirib, belə tədbirlərin məktəblilərdə elmə marağın artmasına imkan yaratdığını, onlara stimul verdiyini deyib.
Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafıya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması və ekologiyası kimi aktual mövzularından geniş söhbət açıb.
İnstitutun elmi katibi, dosent Zərnurə Həmidova, Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, dosent Sitarə Tarixazər məktəblilərə gələcəkdə tədqiqat mövzularının seçimində diqqətli olmağı məsləhət görüb, müasir texnologiyaların tətbiqi ilə təhlil aparmağın yollarını izah ediblər.