MƏDƏNİYYƏT
DAHİ BƏSTƏKARA AİD SƏNƏDLƏR EV-MUZEYİNƏ QAYTARILMIŞDIR
AZƏRTAC dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ev-muzeyinə istinadla xəbər verir ki, böyük sənətkarın Milli Təhlükəsizlik Nazirliyində saxlanılan oğurlanmış əsərləri və əşyaları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə bu mədəniyyət ocağına təhvil verilmişdir. Muzeyə qaytarılan sənədlər arasında dahi bəstəkara məxsus əşyalar, arvadına yazdığı məktublar, konservatoriyadakı fəaliyyətini əks etdirən sənədlər, protokollar, eləcə də “Nicat” cəmiyyətinin möhürü ilə “Leyli və Məcnun” operasının birinci partiturası, “Arşın mal alan” operettasının nüsxəsi və bir sıra orkestr əsərlərinin not əlyazmaları vardır.
Muzeydən bildirmişlər ki, həmin sənədlər, qeydiyyata alındıqdan sonra, yaxın günlərdə tamaşaçılara təqdim olunacaqdır.