SİYASƏT
DAŞKƏNDDƏ XOCALI FACİƏSİ ANILDI
Xocalı faciəsinin 10-cu ildönümü ilə bağlı ölkəmizin Özbəkistandakı səfirliyində keçirilmiş mərasimə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri, Özbəkistanda və Cənubi Qazaxıstanda yaşayan Azərbaycan diasporunun təmsilçiləri, Ağsaqqallar Şurasının üzvləri və özbək xalqının nümayəndələri gəlmişdilər.
Respublikamızın Özbəkistandakı səfiri Aydın Əzimbəyov, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri İsmayıl Məmmədov, Ağsaqqallar Şurasının sədri Rəşid Hacıyev, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov mərasimdə çıxış edərək ermənilərin vəhşiliklərindən danışmış, Xocalı soyqırımını Xatın və Sonqmi faciələri ilə müqayisə etmişlər.
Sonra Özbəkistanda və Cənubi Qazaxıstanda yaşayan Azərbaycan diasporu adından nüfuzlu beynəlxalq təşkilatlara müraciət qəbul edilmişdir.
Mərasimin sonunda şəhidlərin ruhuna dua oxunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC –ın xüsusi müxbiri
Daşkənd