ELM VƏ TƏHSİL
DİM: Elana çıxarılan vəzifələr üzrə 179 namizədlə 171 müsahibənin keçirilməsi planlaşdırılır
Bakı, 16 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, elan üzrə 12 dövlət orqanında mövcud olan 58 vakant vəzifə üzrə 65 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 179 namizədlə 171 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbə, vətəndaşların qəbulu sektoru, məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Sosial təminat siyasəti şöbəsi, dövlət sosial yardımı siyasəti sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 nəfər), Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi, fərdi uçota nəzarət sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 nəfər) vəzifələri olub.
Müsahibələrin sentyabrın 23-dən noyabrın 14-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə olunur və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adını seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxması lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.