ORDU
DSX: Ermənistan ordusu dövlət sərhədində təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan silahlı qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyil və reallığı əks etdirmir.
Martın 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.