CƏMİYYƏT
DSX: Füzuli rayonunda sərhədboyu ərazidə içərisində iki kiloqramdan çox narkotik vasitə olan bağlama aşkarlanıb
Bakı, 22 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 17-də saat 11:25 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə bir ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağlamaya baxış zamanı ümumi çəkisi təxmini 2 kiloqram 140 qram narkotik vasitəyə (1 kiloqram 40 qram heroinə və 1 kiloqram 100 qram metamfetaminə) oxşar maddələr aşkarlanaraq götürülüb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.