CƏMİYYƏT
DSX: Rusiyadan gələn Azərbaycan vətəndaşlarının ölkə ərazisinə keçməsi təmin olunub
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 31 mart tarixli Qərarına uyğun olaraq, aprelin 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan vətəndaşlarının qəbulu, ölkə ərazisinə buraxılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib. Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoruyucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayonların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəzlərdə müəyyən olunmuş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aprelin 4-də “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.
Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib. Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla görüş keçirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilib, xahiş və müraciətləri dinlənilib.
Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məhdudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmələri üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirib, bunu dövlətin öz vətəndaşına göstərdiyi diqqət və qayğının nümunəsi kimi qiymətləndiriblər.