ELM VƏ TƏHSİL
“DÜNYAYA BAXIŞ” BEYNƏLXALQ HUMANİTAR TƏŞKİLATI SUMQAYITDA FƏALİYYƏTİNİN ÖNCÜL İSTİQAMƏTLƏRİNİ MÜƏYYƏNLƏŞDİRMİŞDİR
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev “Dünyaya baxış” beynəlxalq humanitar təşkilatının Azərbaycan üzrə direktoru Maykl Makintauer və şəhər icmalarının inkişafı proqramının meneceri Robert Strukla görüşmüşdür.
“Dünyaya baxış” təşkilatı təhsil, səhiyyə sahələrində, ən çox məcburi köçkün və qaçqınlarla iş üzrə layihələri həyata keçirir. Onun təşəbbüsü ilə Sumqayıtda 15 icma yaradılmışdır və fəaliyyət göstərir. Qonaqlar bildirmişlər ki, təşkilatın başlıca vəzifəsi əqli inkişafdan qalmış və fiziki cəhətdən qüsurlu uşaqların təhsilinə xüsusi diqqət yetirməkdir. Görüş zamanı Sumqayıtda məcburi köçkün və qaçqınların belə uşaqları üçün məktəbəqədər müəssisənin yaradılması haqqında razılaşma əldə olunmuşdur.
Beynəlxalq təşkilatın nümayəndələri yaxın günlərdə həmin layihənin gerçəkləşdirilməsinə başlayacaqlar. Binaların təmiri və texniki təchizatı üçün qrant ayrılması da nəzərdə tutulmuşdur.