SİYASƏT
DÜNYA İRSI ABİDƏSİ OLAN İÇƏRİŞƏHƏRİ QORUMAQ HAMIMIZIN BORCUDUR
Mədəniyyət naziri Polad Bülbüloğlu açılış mərasimində YUNESKO Dünya İrs Mərkəzi, Almaniya Mədəni İrs Fondu və Mədəniyyət Nazirliyinin təkşilatçılığı ilə keçirilən “dəyirmi masa”da İçərişəhəri məhv etmək təhlükəsindən qorumaqdan söz açaraq, Bakının bu qədim hissəsində vəziyyətin acınacaqlı olmasından, yeni binaların tikilməsinin qarşısının alınmasının zəruriliyindən danışmışdır. Nazir təəssüflə demişdir ki, mədəni irsin qorunması və mühafizəsi üzrə qanunlar işləmir. Azərbaycanda tarixi abidələr məhv edilir, lakin heç kim buna görə məsuliyyət daşımır. Mədəniyyət Nazirliyinin respublikada olan 6 min abidənin bərpasına və konservasiya işlərinə vəsaiti çatmır. İndi bu abidələr məhv olsa, gələcəkdə onları bərpa edə bilmərik.
Tədbirdə “Dünya İrs Konvensiyasının təqdimatı”, “Litva təcrübəsi: Mədəni İrsin qorunması üzrə siyasi dəstəyin vacibliyi”, “Macarıstan təcrübəsi”, “Abidələrin qorunması üzrə Azərbaycanda qanunvericilik və idarəetmə”, “İçərişəhərin qorunmasının mövcud vəziyyəti: mühafizə, idarəetmə, maliyyə, ictimaiyyətin cəlb olunması” mövzularında məruzələri dinlənilmişdir.
Müzakirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin, Memarlar İttifaqının, “Şirvanşahlar sarayı kompleksi” Dövlət Tarix-Memarlıq Muzey Qoruğunun təmsilçiləri çıxış etmiş, arzu və təkliflərini bildirmişlər.
“Dəyirmi masa” öz işini davam etdirir.