CƏMİYYƏT


Daban çatları: yaranması, müayinəsi və aradan qaldırılması yolları

Bakı, 28 yanvar, AZƏRTAC

Dabanlarda yaranan çatlar həm sağlamlıq, həm də estetik baxımdan arzu edilən deyil. Bəzən çatlar daha da dərinləşərək dözülməz ağrılara və yerişin dəyişilməsinə səbəb olur. Adətən dabanda çatlar ayaq üstə çox duran və çox gəzən şəxslərdə yaranır. Soyuq havalar və standartlara uyğun olmayan ayaqqabılar da bəzən dabanlarda çatların əmələ gəlməsinə səbəb olur. Lakin bütün bunlarla yanaşı, müəyyən xəstəliklər nəticəsində də çatlar əmələ gələ bilər.

Mərkəzi Gömrük Hospitalının həkim-dermatoveneroloqu Sevinc Kərimova deyib: “Dəri çatları avitaminozlardan, yəni vitamin çatışmazlığından tutmuş müxtəlif dəri xəstəliklərinə qədər çoxlu səbəblərdən yarana bilər. Əsasən daha çox pəncəaltı göbələk xəstəliyi zamanı ona rast gəlinir, bu zaman dabanların dərisi çatlayır və quruyur. Həmçinin ekzemada, ovuc və pəncəaltı psoriazda, müxtəlif dəri dermatozlarında quruluq və çatlar ola bilər.

Psoriaz, ekzema və göbələk xəstəliyini bir-birindən fərqləndirmək üçün həkimin müayinəsi vacibdir. Həmçinin diaqnozun təsdiq və ya inkarı üçün mikroskopik laborator müayinəsi quruluq və çatların səbəbini aydınlaşdırmağa kömək edir”.

Dermatoveneroloqun verdiyi məlumata görə, daban dərisində yaranan xəstəlikləri adi gözlə də müəyyən etmək olar. “Adi gözlə müayinə edəndə dəri örtüyünün cizgilərində ağ ərp kimi zolaqlar görünür. Bu, göbələk əlamətidir. Lakin bütün hallarda dəridən götürülən nümunənin laborator müayinəsi ona daha dəqiq diaqnoz qoymağa imkan verir”.

Mütəxəssisin dediyinə görə, dəqiq diaqnozdan sonra düzgün müalicə çox vacib məsələdir, çünki orqanizmdə yaranan narahatlıqlar hansısa ciddi bir xəstəlikdən xəbər verə bilər: “Avitaminozlar zamanı, kimyəvi vasitələrə həddən artıq çox toxunanda da dəri quruması baş verir, çatlar və qabıqlanmalar yaranır. Əgər həmin hallar avitaminoz səbəbindən baş verirsə, mütləq endokrinoloqun və ya qastreontroloqun müayinəsi lazımdır. Metabolizm pozuntuları zamanı da avitaminoz inkişaf edə bilər. Diaqnoz tam təsdiqlənəndən sonra müalicə taktikası seçilməlidir”.

Həkim onu da qeyd edib ki, dabanlara gündəlik qulluq çox vacibdir. Hər gün nəmləndirici kremlərdən və isti vannalardan mütləq istifadə edilməlidir ki, ayaq dərisində quruluğa və dabanlarda bərkiməyə imkan yaranmasın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.