MƏDƏNİYYƏT


Darxan Kıdıralı: Dədə Qorqud Altaylardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır

Astana, 29 noyabr, AZƏRTAC

“Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi bizim birgə uğurumuzdur. Çünki Dədə Qorqud Altaylardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralı deyib.

Azərbaycan xalqını və bütün türk dünyasını bu önəmli tarixi hadisə münasibətilə təbrik edən Darxan Kıdıralı ölkəmizin bu prosesdə fəallığını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, dünya əhəmiyyətli mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və digər türkdilli ölkələrin birlik, bərabərlik və müxtəlifliyini, xalqlarımızın ailə dəyərlərini təbliğ edir. Bu misilsiz sənət və mənəviyyat abidəsində qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsipləri geniş əksini tapır.

Beynəlxalq Türk Akademiyasının prezidenti xatırladıb ki, 2015-ci ildə UNESCO-nun Parisdəki Baş qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə təmsil etdiyi qurum tərəfindən "Dədə Qorqud irsi və türk dünyası" mövzusunda beynəlxalq simpozium təşkil edilib. Həmin simpoziumda Azərbaycan, Qazaxıstan və Türkiyənin UNESCO Milli Komissiyalarının da dəstəyi ilə “Dədə Qorqud”un türk dünyasının ortaq abidəsi kimi təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin zəruriliyi qeyd edilib.

Akademiya rəhbərinin sözlərinə görə, həmin il Prezident İlham Əliyevin dəstəyi əsasında Altay dağlarında aparılan arxeoloji qazıntılar zamanı türk xalqlarına məxsus ən qədim qopuz nümunəsi də aşkarlanıb. Həmin qopuzun surətləri türkdilli ölkələrin dövlət başçılarına təqdim olunub. Bu gün “Dədə Qorqud” dastanında təsvir olunan yerlərə, ad və toponimlərə Azərbaycan, Qazaxıstan, Türkiyə, hətta Macarıstanda da rast gəlmək mümkündür. Bütün bunlar Dədə Qorqudun bütün türk dünyasının mənəvi sərvəti olduğunu göstərir.

Darxan Kıdıralı qeyd edib ki, “Dədə Qorqud”la yanaşı, Türk dünyasının bir çox maddi və qeyri-maddi mədəniyyət nümunələri artıq beynəlxalq təşkilatın qoruması altındadır. O, xüsusilə Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti kamança hazırlanması və ifaçılıq sənəti, muğam ifaçılığı, aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında olması, həmçinin Çövkən ənənəvi atüstü oyunu və Yallı ənənəvi qrup rəqsinin təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmasında Azərbaycan dövlətinin, xüsusilə Heydər Əliyev Fondunun böyük əmək sərf etdiyini bildirib. Bütün bunlar türk dünyasının nə qədər böyük mənəvi mirasa sahib olduğunu gözlər önünə sərir.

Darxan Kıdıralı türk dünyasının öz ortaq dəyərlərini birlikdə qorumaq və inkişaf etdirmək üçün daha sıx çalışmalı, səylərini birləşdirməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hadisə bizim birlikdə daha güclü olduğumuzu bir daha əyani şəkildə göstərmiş oldu.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.