MƏDƏNİYYƏT
Daşkənddəki Məhəmməd Füzuli adına Mərkəz Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliği üçün yaxşı imkan yaradır
Daşkənd, 4 noyabr AZƏRTAC
Daşkənddə səfərdə olan Azərbaycan nümayəndələri Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə yaradılmış Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində (AMTTM) olublar.
AZƏRTAC xəbər verir ki, AMTTM-in rəhbəri, dosent Gülbahar Aşurova bu mərkəzin AMM-nin təşəbbüsü ilə yaradılması, eksponatlarla, kitablarla təmin olunması barədə danışıb. Bildirib ki, universitetin tələbələri hər gün mərkəzə gəlir, Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlandıqlarını bildirirlər.
AMM-nin direktoru Samir Abbasov Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə yaradılan mərkəzin fəaliyyəti haqqında danışıb. O, mərkəzdə azərbaycanlı alimlərin, şairlərin, yazıçıların iştirakı ilə müxtəlif görüşlərin, mühazirələrin, yubileylərin, açıq dərslərin, sərgi və seminarların təşkil olunacağını vurğulayıb.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva mərkəzin iki ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın daha geniş tanıdılması, habelə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və tarixinin öyrənilməsi üçün gözəl imkan açdığını deyib. O, əmin olduğunu bildirib ki, bu mərkəz vasitəsilə universitetin müəllim və tələbələri Azərbaycanla, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış ola biləcəklər.
Sonda Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov muğam və xalq mahnılarımızı ifa edib. Xanəndəni tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd