SİYASƏT
Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi digər mədəniyyət mərkəzləri ilə birgə Novruz şənliyi keçirmişdir
Daşkənd 23 mart (AZƏRTAC). Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (RAMM) paytaxtda fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri ilə birgə Babur adına parkda Nivruz şənliyi keçirmişdir.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev Novruz bayramının tarixi haqqında danışmış, bu bayramın Özbəkistanda yaşayan 130-dan artıq xalq və millərin bayramı olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü, bir sıra digər dövlətlərin dəstəyi ilə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanınması iıə əlaqədar qətnamə qəbul etmişdir.
RAMM-in sədri Mobil Məmmədov bildirmişdir ki, əziz Novruz bayramının yaşı 5 min ildir. Böyük şair və maarifçilər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları Novruzuz İslamdan xeyli əvvəl yarandığını əsərlərində qeyd etmişlər.
Sonra Novruz şənlikləri mədəniyyət mərkəzləri üçün ayrılmış guşələrdə davam etdirilmişdir.
“Azərbaycan Mədəniyyət Mərkəzi” guşəsinə ölkəmizin bayrağı, gerbi, Bakının mənzərələrini əks etdirən fotoşəkillər vurulmuş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar, həmçinin ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı kitablar nümayiş etdirilmişdir.
Daşkənddə fəaliyyət göstərən “Qarabağ” ansamblının üzvü Yusif Əliyev, həmçinin Şəfiqə Fayradova və Əlipənah Bayramov muğam, xalq mahnısı və təsniflərimizi, “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmiş, bütün musiqi nömrələri alqışlarla qarşılanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd