REGİONLAR
Daşları danışdıran rəssam - REPORTAJ VİDEO
Xaçmaz, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
Ədalət Pirverdiyev (Elman) daş üzərində oyma sənəti üzrə ölkəmizdə ən tanınmış rəssamlardandır. 14 yaşından daşların sehrinə düşən xaçmazlı rəssamın indi 500-dən çox əl işi var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Piverdiyev daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. O, Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.
Ədalət Piverdiyevlə söhbətimizə Xaçmaz rayonu ərazisindən axan Ağçay çayının sahilində başladıq. Sənətkar sel sularının yuduğu sahildən əl işləri üçün kiçik ölçülü çay daşları toplayır.
“Otuz ilə yaxındır daş üzərində oyma sənəti ilə məşğulam. Üzərində işlədiyim daşları şimal bölgəsindəki Qudyalçay, Qusarçay, Ağçay və Qaraçaydan toplayıram. Daşlar çoxdur. Amma üzərində işləmək üçün hamar olanları tapmaq çox çətindir. Əvvəlcədən işləyəcəyim mövzuya uyğun formada və rəngdə daşlar axtarıram. Tapanda xəzinə tapmış kimi sevinirəm”, - deyə Ə.Pirverdiyev bildirib.
Ədalət Pirverdiyev 1979-cu ildə Xaçmaz rayonunun Alıcqışlaq kəndində dünyaya göz açıb. 9 illik orta təhsilini həmin kənddə başa vurub. Sonra rayondakı 92 saylı peşə liseyini və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Xaçmaz Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsində çalışıb.
Həmsöhbətimiz əl işlərini Xaçmazda fəaliyyət göstərən Dekorotiv Xalq Sənət Mərkəzində ərsəyə gətirir. Hələ 14 yaşı olanda Qobustan qayalarındakı rəsmlərdən ilhamlanaraq daşlar üzərində iti alətlə cızmaqla şəkillər çəkməyə başlayıb.
“İlk illərdə daş üzərində cızmaqla şəkillər çəkirdim. Sonradan oyma üsuluna keçdim. Daşlar sərtdir. Həm böyük, həm də kiçik daşların üzərində işləmək çox çətindir. Böyük daşları çox oymaq lazımdır. Kiçik daşlarda isə çox incə işləmək lazımdır. Kiçik bir səhv daşın qopması və əl işinin məhv olması ilə nəticələnir. Daş üzərində bir əl işi 2-3 aya ərsəyə gəlir. Ən çox vaxt aparan, diqqət tələb edən isə portretlərdir”, -deyə rəssam vurğulayıb.
Ədalət Pirverdiyevin işlədiyi alətlər də diqqət çəkir. Rəssam daşları oymaq üçün avtomobil klapanlarından istifadə edir. Daşlar üzərində karandaşla çəkilən eskiz ucları itilənmiş klapanlarla yonulur.
Rəssamın əl işləri ölkəmizdə və xaricdə bir çox sərgilərdə nümayiş etdirilib, fərdi sərgiləri açılıb. Dəfələrlə müxtəlif müsabiqələrin qalibi adını qazanaraq fəxri fərman və diplomlarla mükafatlandırılıb.
Onun sonuncu işləri Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr olunub. Ədalət Şuşa qalası əsərini artıq başa çatdırıb. Hazırda Xudafərin körpüsünün təsvirini çay daşına həkk edir.