CƏMİYYƏT
Daxili İşlər Nazirliyində Özbəkistanın Azərbaycandakı səfiri ilə görüş olub
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bahrom Aşrafxanovla görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ölkəmizdə cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar barədə səfirə məlumat verib, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlardan, əməliyyat şəraitinin tam nəzarət altında olduğundan danışıb. Bildirilib ki, kriminogen durumun nəzarətə götürülməsi, sabitliyin etibarlı təmini, ilk növbədə, vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb işləmələrinə əlverişli şərait yaradıb.
Nazir Vilayət Eyvazov imzalanmış bir sıra sazişlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını və cinayətkarlıqla birgə mübarizəni uğurlu təmin edən səviyyəyə çatdırdığını bildirib.
Səfir Bahrom Aşrafxanov tanışlıq məqsədi daşıyan səmimi görüşə görə Daxili İşlər nazirinə minnətdarlığını bildirib. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun qaldığını diqqətə çatdıraraq ölkələrimizin xalqları və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.