CƏMİYYƏT
Daxili İşlər Nazirliyinin nümayəndələri Sabirabadda və Goranboyda qaçqın və məcburi köçkünlərlə görüşüblər
Bakı, 16 mart, AZƏRTAC
Hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də - martın 15-16-da daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı qarşıdan gələn Bahar bayramı münasibətilə təbrik edib, onların qayğı və problemlərinə, müraciətlərinə hər zaman diqqətlə, həssaslıqla yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. O, hazırda bu siyasətin uğurla davam etdirildiyini, əhalinin sosial müdafiə cəhətdən ən zəif təbəqələrinin, xüsusən şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, təqaüdçülərin həyat, məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində son aylar Prezident tərəfindən önəmli addımların atıldığını vurğulayıb.
Polis general-leytenantı İsmət Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat, məişət şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən, ordu quruculuğu, iqtisadi qüdrətimizin daha da yüksəldilməsi, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahələrində əldə olunmuş uğurlardan söz açıb.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlətimizin başçısının apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını bildirib, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 70 min manat soydaşlarımıza təqdim olunub.
Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak ediblər.