CƏMİYYƏT
Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Şəmkir rayonunda dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini M.Abbasovun bank hesabından 200 manatını çıxararaq oğurlamaqda, həmçinin rayon sakinləri olan iki qadını aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalar nəticəsində onun Gəncə şəhər sakini Əli Əzizov olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Ə.Əzizovun törətdiyi digər oxşar əməllərinin də üstü açılıb. Onun oktyabrın 21-dən noyabrın 5-dək olan müddətdə şəhər sakinləri olan daha iki qadını aldadaraq bank hesablarındakı 340 manatı kart vasitəsilə çıxardığı da müəyyənləşdirilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.