CƏMİYYƏT


Dəmir defisitli qanazlığının profilaktikasında qidalanmanın rolu

Bakı, 24 noyabr, AZƏRTAC

Qanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması nəticəsində meydana çıxır. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə dəmir və vitamin çatışmazlığı qanazlığının yaranmasına səbəb olan əsas faktorlardır.

Mütəxəssislər qanazlığına qarşı əsas profilaktik tədbirin düzgün qidalanma olduğunu bildirirlər. Onların dediyinə görə, gündəlik ümumi kalori qəbulunu nəzərə alaraq, 13-20 mq dəmir qəbul etmək olar. Lakin bədəndə onun yalnız 15-20 faizi sorulur.

Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə AZƏRTAC-a deyib: “Ümumiyyətlə, qida məhsullarında dəmir iki formada mövcud olur: hem və qeyri-hem. Hem üzvi formada olur və 15-25 faizi orqanizm tərəfindən sorulur. Qırmızı ət, balıq və quş məhsullarında dəmirin hem formasına rast gəlinir. Qeyri-hem isə qeyri-üzvi formada olur və paxlalı bitkilər, taxıllar, eləcə də meyvələrdə rast gəlinir və onun 5-20 faizi sorulmaya məruz qalır.

Qida məhsullarında dəmirin miqdarı müxtəlifdir. Məsələn, 160 qram sarıkökdə 16,8 mq, 90 qram içalatda 5,2-9,9 qram, 30 qram qovrulmuş balqabaq toxumunda 3,9mq, yarım fincan bişmiş lobya və mərciməkdə 3,3 mq, bir fincan təzə və qaynadılmış ispanaqda 3,2 mq, yarım fincan bişmiş qırmızı lobyada 2,6 mq, yarım fincan bişmiş noxudda 2,4 mq, 90 qram yağsız mal ətində 3,2 mq, 3 ədəd Çili bibərində 3 mq, 90 qram siyənək balığında 2,5 mq, 90 qram quzu və ördək ətində 2,3 mq, 90 qram mal əti qiyməsində 2,2 mq dəmir var. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizmdə daha tez sorulur”.

Onun dediyinə görə, qara çay, qəhvə, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələri isə dəmirin orqanizmdə sorulmasını azaldır: “Ona görə də çay və qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır. Yumurta, qoz, badam, küncütün tərkibində olan kimyəvi birləşmələr də dəmirin orqanizmdə sorulmasını müəyyən dərəcədə azaldır. Dəmirin bədəndə daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə zəngin olan qidalar istehlak olunmalıdır. Ona görə də qanazlığına qarşı mübarizədə C vitamini əhəmiyyətli rol oynayır. İtburnu meyvəsi, qara qarağat, gül kələm, yaşıl bibər, göy soğan, cəfəri və ispanaq həmin vitaminin mənbəyi hesab olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.