İQTİSADİYYAT
Dəmir yolunun süni qurğuları təmir olunur
Bakı, 22 dekabr (AzərTAC). Son illər ərzində “Azərbaycan Dəmir Yoları” Qapalı Səhmdar Cəmiyyəti infrastrukturun yenilənməsi və əsaslı təmiri sahəsində böyük işlər həyata keçirir. Qatarların hərəkətinin ahəngdarlığının təmin olunmasında əsas amillərdən biri süni qurğuların işlək vəziyyətdə olmasıdır. Yevlax-Bərdə mənzilinin 31-ci kilometrliyində Tərtərçay üzərindəki körpünün sutənzimləyici qurğularının tikintisi də məhz bu işlərin tərkib hissələrindən biridir.
QSC-nin İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev AZƏRTAC-a bildirmişdir ki, uzunluğu 127 metr olan 5 aşırımlı dəmir-beton körpü 1961-ci ildə istismara verilmişdir. Aşırım qurğularının uzunluğu 23 metrdir. Körpüdə 6 dayaq vardır. Körpünün orta dayaqlarının yuyulma təhlükəsi yarandığı üçün sel sularının ötürülməsi məqsədilə sutənzimləyici qurğularının tikintisi tələb olunurdu. Bu məqsədlə çayın yatağında körpünün çıxış hissəsində 5 baraj divarı tikildi, sağ və sol sahildə su istiqamətləndirici divarlar əsaslı təmir olundu.
Bundan başqa, Çarxı-Sarvan mənzilinin 2508-ci kilometrliyində Vəlvələçay üzərində yerləşən dəmir-beton körpü də əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Ümumi uzunluğu 79 metr olan bu körpü 1953-cü ildə inşa edilmişdir. Təmir zamanı, ilk növbədə, körpünün 6 aşırımının dəyişdirilməsi tələb olunurdu. Belə ki, aşırımların hidravlizasiya qatının sıradan çıxması, eləcə də suötürücü boruların tutulması və dağılması nəticəsində körpü yararsız hala düşmüşdü.
Körpüdə yenidənqurma işlərinə bu ilin iyun ayında “Körpü-Bina Tikinti” MMC tərəfindən başlanılmış və qurğunun əsaslı təmiri ilin sonunda başa çatdırılmışdır.