CƏMİYYƏT


“Dəniz Mall” Ticarət Mərkəzində ekoloji fləşmob təşkil olunub

Bakı, 29 iyul, AZƏRTAC

“Dəniz Mall” Ticarət Mərkəzində ekoloji fləşmob keçirilib. Çimərlik mövsümündə sahilyanı ərazilərin qablaşdırma tullantılarından çirklənməsinin qarşısının alınmasına xidmət edən “Sıfır tullantı” (Zero Waste) pilot layihəsi çərçivəsində təşkil olunan fləşmob əhalinin bu istiqamətdə məlumatlandırılmasını nəzərdə tutur.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, könüllülərin iştirakı ilə baş tutan fləşmob ətraf mühiti çirkləndirən qablaşdırma tullantılarının azaldılması və təkrar emala göndərilməsi məqsədi daşıyır.

Qeyd edək ki, İstehsalçıların Genişləndirilmiş Məsuliyyəti Konsepsiyası çərçivəsində pilot yanaşma kimi nəzərdə tutulan “Sıfır tullantı” layihəsi yay mövsümü ərzində çimərlik sahillərində fəaliyyət göstərən müəssisələrdə (kafe və restoranlar) istifadə olunan qablaşdırma tullantılarının miqdarının azaldılması və onların toplanıb təkrar emala cəlb olunması üzrə müxtəlif toplama və çeşidləmə üsullarını sınaqdan keçirəcək.

Layihə ərzində çimərlik sahilində fəaliyyət göstərən müəssisələrə xüsusi toplama qutuları yerləşdirilərək, qablaşdırma tullantılarının yığılması həyata keçiriləcək və toplanan qablaşdırma tullantıları təkrar emala göndəriləcək.

Təşkilatçılar bir daha əhalini çimərlik ərazilərini tullantılarla çirkləndirməməyə və Xəzər dənizini qorumağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.