SİYASƏT
Deputat: Bakı Bəyannaməsi yeni platformada çoxşaxəli fəaliyyəti özündə ehtiva edir
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 illik işğaldan azad olunmuş, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində 2021-ci il 15 iyun tarixində birlikdə imzaladıqları tarixi Şuşa Bəyannaməsindən sonra Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin 2021-ci il 27 iyul tarixində Bakı şəhərində keçirilən üçtərəfli görüşündən sonra Bakı Bəyannaməsinin imzalanması yeni platformada çoxşaxəli fəaliyyəti özündə ehtiva edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
Deputat deyib: Azərbaycan bütün dost dövlətlərlə dünyada və regionda sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdaşı olaraq bundan sonra da yeni reallıqlar çərçivəsində dostluğa sadiq qalaraq fəaliyyət göstərəcək. Bu gün Azərbaycanın ərazi bütövlüyünün, onun suverenliyinin qorunmasında, habelə beynəlxalq hüquq və normaların təmin edilməsində yaxından iştirak edən dost dövlətlər hər zaman Azərbaycanın etibarına arxayın ola bilərlər. Bakı Bəyannaməsində qeyd olunan nəqliyyat, ticarət, enerji, xalqlar arasında təmas, təhsil, sosial, mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlığın inşa edilməsi işində hökumətlərə ətraflı dəstək verilməsi dövlətlərin əhalisinin sosial rifahını daha da yaxşılaşdıracaq”.