Deputat: Ermənistan mina terroruna görə məsuliyyətə cəlb olunmalıdır
AzerTAg.az

Bakı, 10 iyun, AZƏRTAC
Bu günlərdə açıqlama verən erməni polkovnik Koryun Qumaşyanın etiraflarından da aydın olur ki, erməni silahlıları işğaldan azad olunmuş ərazilərdə xeyli sayda mina basdırıb. 17 yük maşını dolu minanın basdırılması yalnız 1 hərbçinin etirafıdır. Bəlkə də yüzlərlə belə hərbçi var ki, bu barədə hələ də danışmır. Onlar açıq şəkildə bizə terrorçu diversantların geri qaytarılması tələbini irəli sürürlər. Bəzi erməni dairələri minalanmış ərazilərin xəritəsinin olmadığını iddia etsələr də, hərbçilər bunun əksini deyirlər. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan tərəfdə minalanmış ərazilərin xəritəsi var. Sadəcə, işğalçı ölkə bu xəritələri təqdim etmək istəmir. Məqsəd isə aydındır – postmünaqişə dövründə daha çox azərbaycanlının ölümünə nail olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına maneə yaratmaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Qarabağ Zəfərindən dərhal sonra burada bərpa-quruculuq işlərinə başlayıb. Hazırda işlər sistemli şəkildə davam edir. “Ərazilərin minalardan təmizlənmə prosesi də aparılır. Sadəcə, ərazi böyük olduğundan xəritəyə ehtiyac var. Amma görünən budur ki, Ermənistan xəritələri öz xoşu ilə vermək niyyətində deyil. Bu mənada, beynəlxalq ictimaiyyət Ermənistana təzyiqləri artırmalıdır. İyunun 4-də Kəlbəcərdə media işçiləri də daxil olmaqla, 3 nəfərin şəhid olması,4 nəfərin yaralanması ilə nəticələnən hadisə ilə bağlı hələ də Ermənistana təzyiq göstərilmir. Beynəlxalq media təşkilatları, ATƏT-in həmsədr ölkələri Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini tələb etməlidir. Bir sözlə, Ermənistan minalanmış ərazilərin xəritəsini verməyə məcbur edilməlidir”, - deyə deputat vurğulayıb.
K.Nurullayeva bildirib ki, jurnalistlərin xidməti vəzifələrinin yerinə yetirərkən mina terrorunun qurbanı olması bütövlükdə dünya mediasının belə təhdidlə üz-üzə olduğunu göstərir. Çünki bu ərazilərə beynəlxalq missiyaların, KİV nümayəndələrinin də səfərləri həyata keçirilir. Bu insanların da təhlükəsizliyi ilə bağlı narahatlığa əsas var. İşğal və müharibə dövründə olduğu kimi, Ermənistan bu hərəkəti ilə bu gün də ən ağır cinayətlər silsiləsini davam etdirir.
Deputat qeyd edib ki, atəşkəs dövründə azyaşlılar da daxil olmaqla, mülki şəxslər erməni snayperinin qurbanı olurdu. 44 günlük Vətən müharibəsində isə Ermənistan münaqişə zonasından kənarda yerləşən əraziləri qadağan olunmuş silahlarla atəşə tutaraq onlarla mülki insanın həyatına son qoydu. Bu, müharibə cinayətidir və Ermənistan bu cinayətlərə görə ən ağır cəzaya layiqdir. “Təəssüf ki, 44 günlük müharibə dövründə də Ermənistan layiq olduğu şəkildə qınanmadı. Bu gün yenə bu terror dövlətinə qarşı hər hansı qınaq müşahidə olunmur. Bu ədalətsizlik sona qədər davam edə bilməz. Regionda dayanıqlı sülhün tam təmin edilməsində bütün tərəflər maraqlı olmalı, əməli addımlar atmalıdırlar”, - deyə deputat vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var