İQTİSADİYYAT
Deputat: Həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi gücünü daha da artırır
Bakı, 2 noyabr, AZƏRTAC
“Doing Business-2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizdə həyata keçirilən islahatların nəticəsidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, bütün sahələrdə tətbiq olunan innovasiyalar, həyata keçirilən islahatlar beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini, iqtisadi gücünü durmadan artırır. Bunların əsasında isə düşünülmüş və gələcəyə hesablanan məqsədyönlü siyasi strategiya dayanır.
A.Hüseynov vurğulayıb ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı xüsusilə diqqət mərkəzindədir. Kənd təsərrüfatının inkişafı, sənaye məhəllələrinin və aqroparkların yaradılması, ixrac imkanlarının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən mühüm tədbirlər ölkəmizin sürətli inkişafını əks etdirən real mənzərədir. Azərbaycan "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək böyük uğur qazanıb. Ümumilikdə, hesabatın 10 indikatorundan 8-də mühüm irəliləyiş baş verib.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, özəl sektor inkişaf etdikcə yeni iş yerləri açılır, ölkə daxilində xərclənən gəlir yaranır. İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirir.
Deputat qeyd edib ki, Dünya Bankının dərc etdiyi “Doing Business-2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarını və onların tətbiq olunmasını obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institusional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli edir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalinin rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq.