SİYASƏT


Deputat: Prezident İlham Əliyev Silahlı Qüvvələrin modernləşməsinə, yeni müasir silahlarla təminatına xüsusi diqqət yetirir

Bakı, 17 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi geniş müsahibədə cəmiyyəti narahat edən bir çox suallara aydınlıq gətirdi və ayrı-ayrı sahələr üzrə hökumətin apardığı siyasətin aspektlərini ictimaiyyətin diqqətinə çatdırdı. İqtisadiyyat, maliyyə-pul siyasəti, kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin icrası, təhlükəsizlik məsələləri, Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sərhəddə baş verən son təxribatlar, beynəlxalq təşkilatlarla aparılan işlər, ATƏT-in Minsk qrupunun gələcək aqibəti, rusiyalı sülhməramlıların missiyası, Avropa İttifaqı ilə münasibətlər, pandemiya ilə mübarizə və sair məsələlərlə bağlı jurnalistlərin verdikləri hər bir sualı dövlətimizin başçısı ətraflı, faktlarla əsaslandırılmış şəkildə cavablandırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevə ünvanlanmış hər bir sual xüsusi əhəmiyyət kəsb edirdi. İstər xarici, istərsə də daxili siyasətlə bağlı bütün məsələlərdə ən məlumatlı şəxsin dilindən hadisələrə birbaşa münasibət bildirilməsi, cəmiyyət tərəfindən hər zaman müsbət qarşılanır. Ələlxüsus 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra regionda yaranmış yeni reallıqlar, siyasi-diplomatik gedişlər, erməni tərəfinin bütün narazılıqlarına rəğmən dövlət sərhədlərimizin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması istiqamətində aparılan siyasət barədə son məlumatları insanlar səbirsizliklə gözləyir. Dövlətimizin başçısının KİV nümayəndələri ilə hər bir təması, cəmiyyəti narahat edən, düşündürən, onun saflaşmasına, inkişafına xidmət edən fikirlərlə zəngin olur və proqram xarakteri daşıyır.

“Diqqət çəkən məqamlardan biri güclü dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, həmçinin hadisələrə ikili standartlar, qərəzli yanaşmadır. Misal üçün, Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard, Azərbaycana isə, cəmi 140 milyon avro vəsaitin ayrılması heç cür anlaşılan deyil. Halbuki Azərbaycandan fərqli olaraq, Ermənistan hər hansı dağıntıya məruz qalmamışdır. Prezident İlham Əliyev hakimiyyətinin ilk illərində beynəlxalq hüquqa inandığını, lakin sonralar problemin güc yolu ilə həll oluna biləcəyini vurğuladı. Tarix göstərdi ki, dövlətlərarası münasibətlərdə, beynəlxalq əməkdaşlıqda ancaq güclü olanlarla hesablaşırlar. Güclü dövlətlərə hörmət olunur və dostları çox olur. Bu səbəbdəndir ki, Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclü olmasaydı, Ermənistan kimi məkrli, bir çox dünya gücləri tərəfindən dəstəklənən düşmənə qalib gələ bilməzdi”, - deyə N.Məhəməliyev vurğulayıb.

Düşmənin məğlubiyyətlə barışa bilmədiyini diqqətə çatdıran Milli Məclisin deputatı əlavə edib: “Qarşı tərəf iqtidarlı, müxalifətli yeni müharibə çağırışları səsləndirir. Erməni hakimiyyətinin xislətinə bələd olduğumuz üçün arxayınlaşmaq əvəzinə daha da güclənirik. Ona görə də, Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsinə, yeni müasir silahlarla, döyüş texnikası ilə təminatına xüsusi diqqət yetirir”.

Deputat deyib ki, digər diqqət çəkən digər məqam ölkənin taxıl və kənd təsərrüfatı məhsulları ilə təminatı məsələsidir. Dövlətimizin başçısı ilk dəfə başqa ölkələrdən taxıl əkmək üçün torpaq ərazilərinin icarəyə götürülməsi ideyasını irəli sürdü. Dünyada gedən və gələcəkdə daha çox hiss ediləcək ərzaq qıtlığını nəzərə alsaq, hesab edirəm ki, bu, olduqca təqdirəlayiq fikirdir. Prezident İlham Əliyevin bu ideyasının reallaşması gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunması deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.