SİYASƏT
Deputat: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının dünyaya rəsmi şəkildə bəyan edilməsidir
Bakı, 17 iyun, AZƏRTAC
2021-ci il iyunun 15-də mədəniyyət paytaxtımız Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış müttəfiqlik haqqında Bəyannamə qardaşlığımızın və dostluğumuzun dünyaya rəsmi şəkildə bəyan edilməsi demək idi. Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq tarixin sınaqlarından çıxıb. Biz çətin və xoş günlərimizdə bir-birimizə arxa-dayaq olduğumuzu bütün dünyaya nümayiş etdirmişik. Bu nümayişin təntənəsi İkinci Qarabağ müharibəsində bir daha öz təsdiqini tapdı. 44 günlük Vətən müharibəsinin ilk günündə Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin hər cür dəstəklə Azərbaycanın yanında olduğunu bildirməsi haqq işimizə müdaxilə etmək istəyən qara qüvvələri öz bəd niyyətlərindən daşındırdı və işimizi sona qədər yerinə yetirməyimizə imkan yaratdı.
Bu fikriləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Şuşa Bəyannaməsinin xalqımız üçün müstəsna əhəmiyyət daşıyan tarixi bir gündə imzalandığını vurğulayan deputat deyib: "29 il əvvəl iyunun 15-i ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimizin tarixi sınaqla qarşılaşdığı bir gün idi. Ulu öndər Heydər Əliyevin məhz iyunun 15-də Azərbaycan Ali Sovetinə sədr seçilməsi respublikamızı parçalanmaq təhlükəsindən qurtardı və müstəqil dövlətimizin bünövrəsi qoyuldu. Dövlətçiliyimizin möhkəm təməlləri üzərində qurulan müstəqil Azərbaycan dövləti bu illər ərzində inkişaf edərək gücləndi və 30 ildən sonra ərazi bütövlüyünü bərpa edərək, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Bu əlamətdar tarixdə azad Şuşada iki dövlət başçısının imzaladığı sənəd dövlət müstəqilliyimizin əbədiliyinin vəsiqəsi oldu. Şuşa Bəyannaməsində rəsmi şəkildə təsdiq olunmuş ölkələrimiz arasındakı müttəfiqlik münasibətləri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir".
Milli Məclisin deputatı qeyd edib ki, Şuşa Bəyannaməsi 44 günlük Vətən müharibəsində döyüş meydanında yaratdığımız yeni reallığın həyata keçirilməsi üçün yeni imkanlar açır. Burada regionda əməkdaşlığın genişləndirilməsi, xalqların inteqrasiyası və təhlükəsizliyin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məsələlərində birgə iştirak nəzərdə tutulur. Şuşa Bəyannaməsinin imzalanamsından ötən bir il ərzində bu əməkdaşlığımızı və qarşılıqlı dəstəyimizi bütün dünyaya bir daha nümayiş etdirə bilmişik. Xalqlarımız və dövlətlərimiz üçün əlamətdar günlərdə prezidentlərimizin qarşılıqlı səfərlərinin intensivləşməsi, ordumuzun təkmilləşdirilməsində Türkiyənin iştirakı, işğaldan azad olunmuş ərazilərdə icra edilən böyük layihələrin ərsəyə gəlməsində türk şirkətlərin gördüyü keyfiyyətli işlər, 8 ayda inşa olunaraq açılışı prezidentlər tərəfindən edilən Füzuli Beynəlxalq Hava Limanı, həmçinin Türkiyədəki Rize-Artvin Hava Limanı, Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirilməsi böyük tarixi məna kəsb edir.
Deputat əlavə edib ki, Şuşa Bəyannaməsi əcdadlarımızın miras qoyduğu müdrik təcrübəni qoruyub saxlayaraq xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarını özündə əks etdirməsi xalqlarımızın bir-birimizə necə bağlı və əziz olmasının rəsmi şəkildə bəyan olunmasıdır. Bəli, tarix bizi yenə sınaqlarla qarşılaşdıracaq. Bu, bütün tarixi dövrlərdə olub və bundan sonra da olacaq. Amma bundan sonra bütün məsələlərdə dünya Azərbaycan-Türkiyə birliyi əsasında yaranmış yeni güc görür. Birliyimiz ümumi gücümüzü və nüfuzumuzu artırır. Müttəfiqliyimiz lazım gələn anda heç nəyi düşünmədən bir-birimizin yanımızda olmağımıza imkan yaradır. Dünya nizamı müxtəlif siyasi proseslərdə dövlətlərə münasibət formalaşdırır. Bu qəribə dünyada müttəfiqliyimizin rəsmiləşməsi və sözün əsl mənasında, eyni mövqedən çıxış etməyimiz yeni dünya nizamında güclülərin sırasında yerimizi möhkəmləndirir.