ELM VƏ TƏHSİL
Dillər Universitetində Formula-1 Azərbaycan Qran-prisi Könüllülük Proqramı çərçivəsində təqdimat
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə ölkəmizdə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi Könüllülük Proqramı çərçivəsində ingilis dilində təqdimat olub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev Avropa əhəmiyyətli tədbirlərdə bu ali təhsil ocağının tələbələrinin fəal iştirakından danışıb.
Sonra Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov bu təşəbbüs çərçivəsində görüləcək işlərdən söz açıblar.
Gələn il ölkəmizdə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinin Könüllülər Proqramına qoşulma prosesi və könüllülərin bu proqram vasitəsilə əldə edəcəkləri təcrübə, eləcə də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində yeni açılmış akademiyada təşkil ediləcək təlim proqramları barədə iştirakçılara məlumat verilib, videoçarx nümayiş olunub.
Daha sonra tələbələr arasında yarış haqqında məlumatlılığı öyrənmək məqsədilə sual-cavab keçirilib. Fərqlənən tələbələr mükafatlandırılıblar.
Sonda tələbələrə Formula-1 Könüllülük Proqramı haqqında ətraflı məlumatların yer aldığı bukletlər paylanılıb.