ELM VƏ TƏHSİL
Doktorantura və dissertanturaya qəbul üçün xarici dildən danışıq bloku üzrə imtahan davam edir
Bakı, 18 iyun, AZƏRTAC
Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru üzrə danışıq bloku imtahanı davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iştirakçılar DİM-in saytından imtahana buraxılış vərəqəsində göstərilən yer (DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binası, 8 Noyabr metrostansiyasının yanı) və saatda imtahan verirlər.
Xatırladaq ki, xarici dil üzrə danışıq bloku imtahanı iyunun 16-dan etibarən keçirilir və iyunun 19-dək davam etdirilməsi nəzərdə tutulur. İyunun 16-da keçirilən imtahanda iştirak etməli olan 645 nəfərdən 41 nəfər, iyunun 17-də isə 639 nəfərdən 36 nəfər imtahana gəlməyib.
Dövlət İmtahan Mərkəzi müxtəlif səbəblərdən iyunun 16-17-də danışıq bloku imtahanına gəlməyən şəxslər üçün imtahan vermək imkanı təklif edir. İmtahanda iştirak etmək istəyənlər iyunun 19-u saat 15:30-dan 16:30-dək DİM-in 8 Noyabr metrostansiyasının yanında, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasına yaxınlaşa bilərlər.
Xatırladaq ki, danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmur.