İQTİSADİYYAT
Dörd ayda Azərbaycanda 8,8 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
Bakı, 14 may, AZƏRTAC
Energetika Nazirliyi bu ilin 4 ayında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-aprel aylarında respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2 milyon kilovat/saat artaraq 8 milyard 896,7 milyon kilovat/saat olub.
Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 189,2 milyon kilovat/saat artaraq 8 milyard 435,2 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 120,2 milyon kilovat/saat azalaraq 341,8 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 0,8 milyon kilovat/saat azalaraq 119,7 milyon kilovat/saat olub. Külək elektrik stansiyalarında 34,5 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 13,4 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 71,8 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Dörd ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 milyard 985,8 milyon kilovat/saat (İES-lərdə 7 milyard 689,9 milyon kilovat/saat, SES-lərdə 295,9 milyon kilovat/saat), Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə 114,1 milyon kilovat/saat (İES-lərdə 62,7 milyon kilovat/saat, SES-lərdə 39,9 milyon kilovat/saat, günəş stansiyalarında 11,5 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 796,8 milyon kilovat/saat olub.
Bu dövr ərzində elektrik enerjisinin ixracı 500,6 milyon kilovat/saat olmaqla 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 116,4 milyon kilovat/saat azalıb. Elektrik enerjisinin idxalı isə 44,7 milyon kilovat/saat təşkil etməklə, ötən ilin eyni dövrünə nisbətən 7,5 milyon kilovat/saat azalıb.